Həqiqət və İnam yolunda
- توضیحات
- منتشر شده در یکشنبه, 22 دی 1392 22:09
 Yolruh ATALI
 ruhaniyyatçı-filosof
 (İçsəs)
 İnamlı insan – içində özünü görən. 
 ***
 İnamsız insan – içində özgəsini görən. 
 ***
 Qorxu – inamsızlıq acısı, ifadəsidir. 
 ***
 Qorxmazlıq – inamın təsdiqidir. 
 ***
 İnamın qırılması, inamsızlıq – idrak yetərsizliyi, yanılmasıdır. 
 ***
 İdrak Həqiqəti görməyəndə – Həqiqətə inam təsdiq olunmur. 
 ***
 Kamil inam – Həqiqətin dərkindən yaranır, doğur. 
 ***
 Az idraklı insan – inamlı olmur; Çox idraklı insan – inamlı olmur; Yalnız ruhani idraklı insan – inamlı olur! 
 ***
 Ruhani idrak – ardıcıl Həqiqətə can atan, onunla bir olan idrakdır. 
 ***
 Həqiqət yalnız ruhani idrakla təsəvvür olunur, görülür, duyulur, ona yetilir. 
 ***
 Həqiqətə yetmək – onu fəth etməkdir.
 ***
 Həqiqət – varlığın mahiyyətinə, anlamına yetməkdir. 
 ***
 Sıradan ağıl Həqiqəti təsəvvür etmir, görmür, bu üzdən onu uydurur. 
 ***
 Ruhani idrak – Həqiqəti görür, insanı onunla görüşdürür. 
 ***
 İnamda – İnam idrakla bir olur. 
 ***
 İnamsızlıqda – inam-idrak birliyi pozulur, inamsızlıq-qorxu birliyi yaranır və idraka qarşı çevrilir. 
 ***
 Qorxu – inamın sarsılmasıdır. 
 ***
 İnam sarsılanda – inamsızlıq, qorxu yaranır, qorxu idrakı öz asılılığında saxlayır. 
 ***
 İnamsızlıq – inamın öz mütləq mahiyyətinə bərabər olmamasıdır, nisbiləşməsidir. 
 ***
 Təsəvvür – dərketmənin başlanğıcıdır. 
 ***
 Təsəvvür edilməyən – dərk oluna bilməz. 
 ***
 Ruhani idrak – ruhani görmə, təsəvvür tələb edir. 
 ***
 İnamsızlıq – nisbi inamdır, inamın yanılmasıdır.
 ***
 İnamlı olmaq – yanıldığına ardıcıl inam tələb edir!
 ***
 İnsanlar inamını yanıltsalar da, insanlığa inan!
 ***
 Dönüklər inamını yanıltsalar da, dönməzliyə inam!
 ***
 İnamçılıq – kamil inama yiyələnmə yolu, üsuludur. 
 ***
 İnamçılıq – başqasının inamına layiq olmaqdır, onu yanıltmamaqdır. 
 ***
 Bütün sevinclərin, həzlərin bir nədəni var – İnam!
 ***
 Bütün acıların bir nədəni var – İnamsızlıq!
 ***
 Həqiqətlə bir olmaq onu insanın gözündə adiləşdirmir, ona görə ki, adi həqiqət olmur.  
 ***
 Həqiqətə can atmaq – ondakı bənzərsiz sığmazlığa, ruhani həzzə can atmaqdır. 
 ***
 Həqiqətçi – gerçəklik asılılığından çıxan, özünü Həqiqətə təslim edəndir. 
 ***
 Həqiqət – insana ruhani azadlıq verir, insan həmin azadlıq yolunda düşünmədən canından keçir. 
 ***
 Həqiqətlə bağlı nə varsa şirindir, sevinclidir, həzlidir. 
 ***
 İnsanlığa yarayan bütün uca dəyərlər Həqiqətin qorunmasına xidmət edir. 
 ***
 Həqiqətə yetən – həqiqi, doğruçu dəyərini alır – aliləşir, kamilləşir, mütləqləşir. 
 ***
 Atamız var olsun!
 8 Qar ayı 35–ci il. 
 (8.1.2014).
		
		




