İranda tanınmış azərbaycanlı jurnalist qızı ilə birgə həbs edilib

İranda tanınmış azərbaycanlı fəal, jurnalist və onun qızı həbs edilib.
Panoram.az-ın AZOH-a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Həsən Ərk və onun qızı Solmaz Ərki sentyabrın 11-də səhər saatlarında mənzilindən aparıblar. Eyni zamanda mənzildə axtarış aparıldığı, azərbaycanlı jurnalistə məxsus bütün əlyazmaların, kitabların, kompyüter keysinin və noutbukun aparıldığı bildirilir. H.Ərk və S.Ərkin hazırda ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıldığı qeyd olunub.
“Oyannews”un məlumatına görə, S.Ərk həmin gün axşam saatlarında bir neçə saatlıq sorğu-sualdan sonra buraxılıb. Bu barədə H.Ərkin yaxın qohumları məlumat veriblər.
Hələlik azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil.
Qeyd edək ki, H.Ərk ETTELAAT əməkdaşları tərəfindən dəfələrlə həbs edilib və inqilab məhkəmələrinin qərarı ilə azadlıqdan məhrum edilib.
Belə ki, H.Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal bir il həbs cəzasına məhkum edilib. 2012-ci ilin dekabrın 9-da həbs edilmiş H.Ərk 9 ay məhbəs həyatı yaşayıb. Ancaq bu müddət ərzində həbsxana rəsmilərinin məsuliyyətsizliyindən yalnız həbs cəzasının sonunda bir dəfə izn hüququndan istifadə edə bilib. H.Ərk 2013-cü il sentyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
Bundan əvvəl soydaşımız GünAzTV-yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda günahlandırılaraq 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldığı müddətdə həmin cəza icraya qoyulub. Lakin H. Ərkin səhhəti, yəni bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkməsi şallaq hökmünün yerinə yetirilməsinə mane olub. Euni zamanda azərbaycanlı fəal Yeni GAMOH üzvlərinə dəstək məqsədilə bir müddət aclıq aksiyası da keçirib. H. Ərk nəşrinə qadağa qoyulmuş “Şəms-e Təbriz” (“Təbrizin günəşi”) qəzetinin redaksiya heyətinin üzvü olub.
Panoram.az
Submit to DeliciousSubmit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to TwitterSubmit to LinkedIn